Əhali artımı və mövcud olan resurslar….

Dünyanın bir ucu bucu budu1367607811_y, bir ucu da bu2c597af21be8 İnsan yaranmışların əşrəfidir! İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.

İnsan cəmiyyəti ilk dəfə Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində əmələ gəlmiş və təşəkkül tapmağa başlamışdı. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2,6-3 milyon il bundan əvvəl başlanmışdır.

İnsan müasir görkəmə düşənə qədər üç böyük tarixi inkişaf mərhələsi keçmişdir. I mərhələyə ən qədim insanlar (arxantroplar), ikinci mərhələyə ibtidai insanlar (paleantroplar) və üçüncü mərhələyə isə müasir insanlar aiddir.

Ən qədim insanların məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. İnsanlar meyvə və bitki köklərini, toxumlarını, quş yumurtalarını toplamaqla, ovçuluqla məşğul olurdular.  İbtidai insanlar  bitkilərlə zəngin olan isti ölkələrdə yaşayırdılar. Ətraf ərazi kasıblaşdıqda, başqa yerlərə köçürdülər.

Təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu insan tipini “ağıllı insan” (Homo Sapiens) adlandırdılar.

Qədim dövrdə əhalinin sayının azlığı və artımının aşağı olması, onların kəskin mübarizə şəraitində yaşamalarından irəli gəlirdi. Qədim insanlar kiçik kollektivlərdə yaşayırdılar, birgə işləyir, ümumi əmlaka malik idilər. Bu quruluşda istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü.

Orta əsirlərdə kütləvi aclığın, müharibələrin və yolxucu xəstəliklərin təsiri nəticəsində ölum hallarının çox olmasına baxmayaraq, dünya əhalisi nisbətən çoxalırdı.

Kapitalizm dövründə əhalinin sürətli artımının nəticəsində, məskunlaşma əraziləri sürətlə genişlənir, insanın ətraf mühitə təsiri güclənirdi.

            Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli tarixi inkişafı əhalinin  şox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. Demoqraflar əhalinin artım templərinin dəyişməsini 3 mərhələyə ayırırlar:

       I    ənənəvi tip: ( ölüm hallarının daha yüksək olduğu bu tipdə, doğum və təbii artım çox yüksəkdir. )

      II    keçid tip: (yüksək doğum və aşağı ölüm səviyyəsi olan bu tip yüksək təbii artımla seçilir.)

      III  müasir tip: ( olduqca aşağı doğum və aşağı ölüm hallarının olduğu bu tip aşağı təbii artımla seçilir.)

Əhalinin artımı təbii artımla yanaşı mexaniki artım vasitəsilə də tənzimlənir. Mexaniki artım ölkəyə gəlib gedənlərin sayı ilə tənzimlənir. Ölkəyə gələnlər imiqrantlar, gedənlər isə emiqrantlar adlanır.

Ümumiyyətlə əhalinin artimina bir çox amillər təsir edir. Bunlardan ən vacibləri –məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu, dövlətin doğumu stimullaşdırılması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində uşaq ölümü səviyyəsinin dəyişməsi və s. Bundan başqa, əhalinin artımına qadın və kişilərin sayının disproporsiyaları, cins və yaş tərkibi kimi amillər də təsir edir.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər. Ancaq faktiki olaraq müxtəlif  sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır.

Dünya əhalisinin etnik tərkibi uzun sürən tarixi prosesin nəticəsidir. Əhali etnik birliklərdən           ( tayfa, qohum  tayfa, xalq və millətlərdən) ibarətdirlər. Tarixi dövr ərzində bir sıra xalqlar tarix səhnəsindən silinmiş (finikiyalılar. karfagenlilər), bəzilərinin minilliklərlə tarixi var (misir, yunan, çin), bəziləri isə bu yaxınlarda formalaşmışlar (ingilislər XVI, ruslar XVII-XVIII, almanlar XIX əsr).

Elmi –texniki inqilabin, mədəniyyətin və təhsilin inkişafına  baxmayaraq dinin  cəmiyyətdə  rolu çox böyükdür. Dinləri dünya və milli dinlərə ayrılır. Dünya dinləri bir neçə xalqın sitayiş etdiyi dinlərdir. Milli dinlər isə bir xalqın sitayiş etdiyi dinlərdir. Planetimizdə meydana çıxan bir çox problemlərin həllində, insanların mənəvi tərbiyəsində, əhalinin təbii artımında və s. dinin böyük təsiri var .

Yaşadığı ərazidən, dinindən, irqindən, etnik tərkibindən aslı olmayaraq hər bir insan yaşamaq üçün qidalanmalidir. Qidalanmaq üçün isə insanlara müəyyən miqdarda ərzaq məhsulları lazımdır.

Ərzaq məhsulları – kənd təsərrüfatı məhsulları istehsalı ilə yeyinti sənayesinin vəhdət halında qovuşmasının nəticəsində formalaşır.

Hazırda dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq çatışmamazlığı yaranır. Ərzaq problemi cəmiyyət miqyasında ərzaq istehsalı, onun daşınması, emalı, bölgüsü və istehlakını özündə əks etdirir.

Dünya ərzaq probleminin təkamülündə təbii ehtiyatların mövcudluğu, iqtisadi inkişaf səviyyəsi, kənd təsərrüfatının texniki səviyyəsi, qabaqcıl istehsal metodlarından istifadə edilməsi, əhalinin məşğulluq və təhsil səviyyəsi, iqtisadiyyatda dövlətin rolu,  demokratik idarəçilik formalarının mövcudluğu və s. kimi amillər həlledici rola malikdirlər.

İnsanların ərzaqla təmin edilməsi  kənd təsərrüfatının inkişafından daha çox asılıdır. Hələ iki min ildən artıq bundan əvvəl Yunan filosofu Ksenofot ( b.e.ə. 430-354) kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı. Beləliklə, kənd təsərrüfatının inkişafına diqqətin artırılmasına maraq yaratmağa çalışırdı.

            Hər bir ərazi və ölkənin iqlim şəraitindən, peşəkarlıq ənənələrindən, hansı qurşaqda yerləşməsi və s. – dən asılı olaraq insanların normal yaşaması üçün hansı məhsullardan nə qədər qəbul etməsi normallaşdırılır. Bu normalar əsasından insanlar hər gün müəyyən qədər zülallar, yağ və piy, karbohidratlar şəklində enerji qəbul etməlidirlər. Bu göstərici gündəlik enerji – k.kalori adlanır.

         Bu göstəriciyə görə ayrı-ayrı ölkələr və ərazilər arasında kəskin fərq vardır. Beləki, 1990-1992-ci illərdə dünya üzrə hər nəfər orta hesabla 2710 kkalori istehlak etdiyi halda, bu göstərici inkişaf etmiş sənaye ölkələrində  3330 kkalori, inkişaf etməkdə olan ölkələrdə isə 2520 kkalori olmuşdur (1960-cı illərdə bu fərq daha artıq idi). Afrika ölkələrində və Cənubi Asiyada həmin göstərici daha çox fərqlənir. Az kkalori istehlak edilməsi yoxsulluğun, aclığın bariz nümunəsidir.

            Ərzaq və kənd təsərrüfatı Təşkilatının (FAO, 1945) hesablamalarına görə (ərazidən asılı olaraq) bu göstəricinin 1760-1836 kkalori arasında olması kifayət qədər qida maddələri qəbul edə bilməməyi, aclığı göstərir. Azərbaycanda bu göstərici 2000-ci ildə 2242 kkaloriyə bərabər olmuşdur.

            İnkişaf etməkdə olan ölkələrin bir çoxu aclıq içində yaşayır. Beləki, Braziliya əhalisinin  25 %-ə qədərinin, Nigeriya əhalisinin 30-33 %-nin Hindistan əhalisinin 50 %-nin istehlak etdiyi əmtəə və xidmətlərin gündəlik həcmi 1 dollardan azdır (Belə ölkələrin sayı çoxdur).

            İstehsalın az olmasının və aclığın əsas səbəbləri kimi aşağıdakı cəhətləri qeyd etmək olar:

1.  Üçüncü dünya ölkələrində hələ də köhnə, geridə qalmış aqrotexnika üsullardan istifadə edilir: hər hektara verilən mineral gübrənin qədərinə görə inkişaf etmiş ölkələrdən 1.5-2 dəfə geri qalırlar. Ona görə də, yüksək məhsuldarlığa nail ola bilmirlər.

      2.  Bir çox ölkələrdə torpaqdan istifadə edilməsi köhnə münasibətlərə əsaslanır: natural, yarım natural, fərdi təsərrüfatçılıqdır. Sələmçilik, töycü vermək hələ də qalır. Kiçik torpaq sahibkarlığı müasir əmək alətlərindən, mineral gübrələrdən, kredit müəssisələrinin xidmətindən istifadə edə bilmir.

       3. Hər bir ölkənin aqrar siyasəti də böyük əhəmiyyətə malikdir. İnkişaf etmiş Qərb dövlətləri hər vasitə ilə kənd təsərrüfatına olan kapital qoyuluşunu miqyasını artırırlar (birbaşa ödəmələrə, ucuz borc verilməsi, təminatlı qiymətlər və s. həyata keçirilir). İOÖ-də isə bu cür ardıcıl tədbirlər keçirilmir.

            Bütün bunlara baxmayaraq hər halda qeyd etməliyik ki, ayrı-ayrı dövrlərdə ərzaq məhsulları istehsalının artım sürəti əhalinin artım sürətini qabaqlayır.

            Bütövlükdə kənd təsərrüfatı istehsalının həcminə və eləcə də ərzaqla təmin olunma dərəcəsinə görə ayrı-ayrı ərazi və ölkələr bir-birindən kəskin fərqlənirlər. Lakin beynəlxalq ticarətin inkişafı nəticəsində dünya miqyasında bir ölkədə olan qıtlıq digər ölkələrdə olan artıq məhsullarla əvəz edilə bilir. Beləliklə, dövlətlər arasında ərzaq məhsullarının satışı həyata keçirilir.

         İnsan cəmiyyətinin varlığından hazırkı dövrədək ayrı-ayrı xalqlar, dövlətlər arasında  mübarizə, düşmənçilik, torpaq zəbt etmək ə s. kimi təhlükə elementləri olmuşdur.

         Məişət baxımından təbii (daşqın, zəlzələ ), texnogen (başqasının haqqını tapdalamaq, düşmənçiliyə meylli olmaq), sosial (əsasən əhalinin sosial vəziyyətinin pisləşməsi) təhlükə növləri də fərqləndirilir.

         Bütövlükdə hər hansı bir təhlükə-qorxu prosesinin qarşısının alınması üçün yaranan, həyata keçirilən iri miqyaslı – qabaqlayıcı tədbirlər sistemi təhlükəsizlik adlanır.

            İqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi – ərzaq çatışmazlığı təhlükəsi ilə bağlıdır. Hələ 200 il bundan əvvəl ingilis iqtisadçı Tomas Robert Maltus (1766 – 1834) 1798-ci ildə “əhali qanunu haqqında təcrübə” adlı əsər yazaraq anonim ad ilə nəşr edilmişdir. O, göstərirdi ki, hər 25 ildən bir əhalinin sayı 2 dəfə (həndəsi silsilə üzrə) artdığı halda əhali üçün yaşayış vasitələri ədədi silsilədə olduğundan tez arta bilməz. Beləliklə o, ərzaq məhsullarının çatışmazlığını təbii hal hesab edirdi.

         Ərzaq təhlükəsizliyi ilə bağlı olaraq 1974-cü ildə Romada BMT “Ümumdünya ərzaq konfransı” keçirilmişdir. Bu konfransda ərzaq qıtlığına və aclığa qarşı birgə mübarizə üçün ümumbəşəri bəyannamə qəbul edilmişdir. Bəyannamədə belə halların yaranma səbəblərinin öyrənilməsi, xəbərdarlıq edilməsi, tədbirlər görülməsi məsələlərinə diqqətin artırılması tövsiyə edilmişdir.

            Alimlərin hazırladıqları sənədlərdə aşağıdakı problemlərə diqqətin artırılması ön plana çəkilmişdir:

  1. Əsas ərzaq növü olan taxılçılığın əkin sahəsinin azalması məsələsi. 1980-ci illərdə taxıl əkini sahələri 735 mln. hektar olduğu halda, 2003-cü ildə 666 mln. hektar təşkil etmişdir (69 mln. hektar azalaraq 1960-cı illərin səviyyəsinə enmişdir).

   Bu vəziyyəti 3 əsas səbəblə əlaqələndirmək olar:

–          torpağın böyük bir qismi əkin dövriyyəsindən çıxarılaraq sənaye məqsədlərinə, infrastrukturanın inkişafına cəlb edilir;

–          60-80-ci illdərdə kənd təsərrüfatının intensiv inkişafının nəticəsi olaraq torpaqların eroziyası artmışdır. Ona görə də bir çox ərazilərdə yeni meşə salınması və çəmənliklər yaradılması zərurəti meydana çıxmışdır;

–          Dünya üzrə əhalinin sayının artması şəhərlərin, qəsəbələrin, bağ təsərrüfatlarının, müvafiq infrastrukturanın genişlənməsini tələb edir.

  1. İçməli su qıtlığı problemi. Etiraf etməliyik ki, hazırda dünya əhalisinin 50 %-ə qədəri içməli su ilə qeyri qənaətbəxş təmin olunur. Bir çox hallarda sudan qənaətlə istifadə olunmur. Sənaye məqsədlər üçün sudan istifadə artır, bu isə su tutumlarını çırkləndirir.
  2. Dünya okeanının qlobal problemi də ərzaq problemini çətinləşdirir. Okeanlarda (Atlantik və Sakit okeanda) balıqçılıq hövzələrindən həddindən artıq balıq tutulması, dəniz məhsullarının mənimsənilməsi bir çox balıq növlərinin yox olmasına gətirib çıxarmışdır.
  3. Ətraf mühitin çirklənməsi problemi də kəndə təsərrüfatına, ərzaq təminatına böyük zərər vurur. Bir çox tullantıların, qaz və digər maddələrin ətraf mühitə atılması iqlimin istiləşməsinə səbəb olur ki, bu da ərzaq məhsullarının mənbəyi olan aqrar bölməyə zərər vurur.
  4. Məhsuldarlıq səviyyəsinin aşağı düşməsi problemi. Hazırda dünya üzrə taxılın məhsuldarlığı 31 sentnerdir. (Fransa və İngiltərədə buğdanın məhsuldarlığı 70 sentnerdir). Geridə qalmış aqrar ölkələrdə bu göstərici daha aşağıdır (Afrikada – 13, Rusiyada – 20 sentner). Məhsuldarlığın artırılması üçün çoxlu kapital qoyuluşu tələb olunur.

         Bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə ərzaq məhsullarının sürətlə artırılması o qədərdə real deyildir. Lakin əhalinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları da tükənməmişdir.

         FAO-nun hesablamalarına görə əhalini ərzaq məhsulları ilə təmin etmək üçün (müvafiq normalarla) 2025-ci il istehsalın həcmi 2 dəfə artırılmalıdır. Müəyyən iqtisadi hesablamalar görə 2030-cu ilədək ərzaq məhsulları istehsalı zəif də olsa artan istiqamətdə dəyişəcəkdir. Lakin hazırkı qida normaları və əhalinin artımı müqabilində dünya bazarında 500 mln. ton taxıl, 40 mln. ton ət, 70 mln. ton balıq və balıq məhsulları və bir sıra digər məhsullar çatışmayacaqdır.

         Beləliklə, ərzaq probleminin həllində üç cəhətə fikir yönəldilir.

  1. İstehsalın 2 dəfə artırılması;
  2. Təbii artımın məhdudlaşdırılması;
  3. Əsas ərzaq növləri üzrə qida normalarının azaldılması mümkünlüyü.

         1970-ci illərdə inkişaf etməkdə olan ölkələrin bir çoxunda ərzaq probleminin pisləşməsi zəruri təcili tədbirlər görülməsini tələb edirdi. Bu tədbirlərdən biri də ərzaq köməkliyi idi. Ərzaq köməkliyi dedikdə ərzaq ehtiyatlarının güzəştli şərtlərlə və yaxud əvəzsiz verilməsi nəzərdə tutulur.

         BMT-nin xüsusi təşkilatı olmaqla FAO, əhalinin ərzaqla təmin olunması barədə məlumat toplayır, inkişaf etməkdə olan ölkələrə ərzaq köməkliyi edilməsinin və kənd təsərrüfatının inkişafına yardım göstərilməsini həyata keçirir və müxtəlif texniki yardım layihələri hazırlayır.

         1977-ci ildən kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond (İFAD) inkişaf etməkdə olan ölkələrin ərzaq vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərir (1976-cı ildə yaradılıbdır).

         Hal hazırda planetimizin əhalisinin təqribən yarısı, tam sağlam həyat tərzi yaşamaq üçün kifayət qədər qida maddələrini qəbul etmək imkanlarından məhrumdur. Bu gün 800 milyondan artıq insan, kifayət qədər və hətta minimal dərəcədə olan enerji tələbatının ödənməməsi nəticəsində, xroniki aclıq keçirir. Təxminən 200 milyon nəfər beş yaşına qədər olan uşaq, aclığın kəskin və ya xroniki simptomlarından əziyyət   çəkir..

            Qeyd etmək lazımdır ki, aclıq çəkənlərin əksər hissəsi Asiya və Sakit okean hövzəsində yaşayır. Bu bölgə, inkişaf etməkdə olan ölkələrin əhalisinin demək olar ki, 70%-nin məskəni sayılır. Burada yaşayan aclıq çəkənlərin sayı bütün dünyadakı aclıq çəkənlərin təqribən üçdə ikisini, yəni 526 milyon nəfərini təşkil edir. Belə ki, elə yalnız bir Hindistanda 204 milyon ac insan yaşayır. Cənubi Asiyanın “payına” isə, ümumi dünyada doyunca yeməyənlərin sayının üçdə birindən də çoxu düşür ki, bu da təqribən 284 milyon nəfər aclıq edən deməkdir. Aclıq içində olan insanların daha 30%-i, yəni təqribən 240 milyon nəfəri isə Cənub-Şərqi və Şərqi Asiyada yaşayır. Məsələn, yalnız Çində yaşayan 1.2 milyard nəfər insanın 164 milyonundan çoxu aclıqdan əziyyət çəkir. Aclıq içində olanların demək olar ki dörddən biri Afrika qitəsində yaşayır. Bu qitə aclıq çəkənlərin cəmi əhalinin sayına olan nisbətinə görə acınacaqlı “üstünlüyü” saxlayır.

            Ucsuz–bucaqsız kainatda alişan ulduzlardan biri Günəş və onun ətrafında olan soyuq səma cisimlərindən biri də, bizim məskənimiz olan Yer kürəsidir. Allah bizim məskənimizə su qismət etdi və ondan canlı yaratdi. Bəşəriyyətin yaratdığı canlı varlıqlar içərisində ən alisi insandır ki, onun susuzluğu, aclığı, məhvi, hər bir adəm övladını narahat etməlidir. Kaş yaşadığımız Yer kürəsinin bütün nemətləri hər kəs tərəfindən bərabər bölünəydi. Məgər hamımız eyni gendən yaranan varlıqlar deyilikmi ki…. İnşallah bu gələcək nəslin insanlarını daha çox düşündürər. Və bir vaxtlar Yer kürəsini bütün insanları allahın yaratdıqlarının bərabər bölünməsinin düzgün olmasıni dərk edər.

Biz çox şanslıyıq ki, dünyanın ən gözəl güşələrindən birində yaşayırıq. Azərbaycanın iqlimi burada bitkiçilik və heyvandarlığın bir çox sahələrinin inkişafı üçün şərait yaradır. Əhalimizin əməksevərliyi nəticəsində respublikamızda bol məhsullar yetişdirilir. Və ümid edirəm ki, belə gözəl nemətləri olan doğma ölkəmiz ərzaq çatışmamazlığı kimi bir fəlakətlə üzləşməyəcək. Azərbaycanı əhalisinin belə çətinliklərlə qarşılaşmaması üçün prezidentimiz İlham Əliyev cənablarınin məqsədyönlü və uzaqgörən siyasətinə tam arxayınıq.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma